Ovçular təpəsi

OVÇULAR TƏPƏSİ

 

Şərur r-nunun Dizə k. yaxınlığında Eneolit və Erkən Tunc dövrünə aid arxeoloji abidə. Sahəsi təqribən 10 ha. Yaşayış yerində 900 m2 sahədə 1-1,5 m dərinliyədək tədqiqat aparılmışdır.

Qazıntılar zamanı Eneolit və Erkən Tunc dövrünə aid yaşayış binalarının və müxtəlif maddi-mədəniyyət nümunələrinin qalıqları, Eneolit dövrünə aid üç tikinti qatı aşkar olunmuşdur. Birinci tikinti qatı üçün yarımqazma tipli evlər, digər tikinti qatları üçün isə yerüstü evlər xarakterikdir. Evlər dairəvi və dördkünc formalıdır. Eneolit dövrünün sonunda çoxotaqlı evlərdən də istifadə olunmuşdur. Araşdırmalar göstərir ki, yaşayış binaları daş təməl üzərində çiy kərpicdən inşa olunmuşdur.

207

Ovçular təpəsinin görünüşü.

Ovçular təpəsindəki binalar ayrıca təsərrüfat-məişət kompleksi olmuşdur. Evlərin içərisində qazılan təsərrüfat quyularının divarları çiy kərpiclə hörülərək düzəldilmişdir. Bəzi evlərin içərisində döşəməyə basdırılmış  küplər aşkar edilmişdir. Birinci kvadratda aşkar olunan çoxotaqlı evlərdən ibarət olan yaşayış kompleksinə təsərrüfat binası əlavə edilmişdir. Uzunsov anbardan ibarət təsərrüfat binasının döşəməsinə ərzaq ehtiyatı saxlamaq üçün iri küplər basdırılmışdır. Birinci kvadratdakı binaların içərisindəki ocaqlar başlıca olaraq dairəvi formalıdır. Araşdırmalar bu ocaqların tez-tez yer dəyişdiyini və onlar arasındakı təbəqənin çox incə olduğunu göstərir. Böyük ehtimalla, evlər bəlli zamanlarda tərk edilmiş və yenidən məskunlaşdırılmışdır. Eneolit dövrünə aid dördkünc formalı evlərdən birinin içərisində döşəmə üzərində bir yerə toplanmış gil qablar və heyvanın kürək sümüyündən hazırlanmış toxa aşkar olunmuşdur. Bu yaşayış binasının yaxınlığında, həmçinin xeyli miqdarda mis filizinin qalıqları da aşkar olunmuşdur. Araşdırmalar zamanı üzəri yaşıl mis oksidi ilə örtülmüş metal iynələrin parçaları da əldə edilmişdir. Ovçular təpəsinin Eneolit dövrü keramikasında iki mərhələ izlənmişdir. Aşkar olunan keramika məmulatı Eneolit dövrünün orta və son mərhələlərinə aiddir. Son mərhələyə aid keramikada Şimali Mesopotomiya və Şərqi Anadolu üçün xarakterik xüsusiyyətlər izlənir. Son mərhələyə aid keramika daha çox Norşuntəpənin 37-31 layları, Arslantəpənin 8 təbəqəsi ilə yaxınlıq təşkil edir. Arslantəpənin 7 təbəqəsi üçün verilən C 14 tarix e.ə. 3943-3096, Norşuntəpə üçün isə e.ə. 4467-3799 illər arasındadır. Bəzi tədqiqatçılar Norşuntəpənin 8 təbəqəsini e.ə. 4300 ilə aid etmişlər. Son mərhələyə aid keramikanın müəyyən xüsusiyyətləri, qabların səthinin daraqlanması, qaba saman qarışığı olan keramika, çəhrayı rəngli qabların səthinin cilalanması bu mərhələnin e.ə. 4000-3500 illərə aid olduğunu göstərir. Lakin son mərhələyə aid qabların erkən nümunələri Ovçular təpəsinin orta mərhələsindən də məlumdur

311 212 emek 214

Ovçular təpəsinin keramika məmulatı.

Ovçular təpəsi.
Qazıntı sahəsinin görünüşü.

 Ovçular təpəsi. Daş əmək aləti.  Yaşayış binaları və təsərrüfat
anbarının qalıqları.


Onlar da son mərhələdə olduğu kimi saman qarışıqlı, samanla suvanmış, daraqvari alətlə naxışlanmış keramika ilə təmsil olunmuşdur. Bu tip keramika Azərbaycanın, o cümlədən Naxçıvanın Son Eneolit abidələri üçün xarakterikdir. Belə keramikaya I Kültəpə, Xələc və Sədərəkdə rastlanmışdır. Ovçular təpəsinin orta mərhələsinin qabları forma və naxışlanmasına görə, Mesopotamiya və Anadolu keramikasından fərqlənir. Ovçular təpəsinin keramikası məməcikşəkilli çıxıntılar sırası, ilanabənzər qabartma ornamentlə naxışlanmışdır. Bu naxışlar və onların çəkilmə texnikasına Şimali Mesopotomiya və Şərqi Anadoluda rast gəlinmir. Bəzi bənzərliklər yalnız Norşuntəpə və Bademçağı keramika- sında izlənmişdir. Məməcikşəkilli çıxıntılarla naxışlama Cənubi Qafqaz abidələrində geniş yayılmışdır. Qabartma ilanabənzər rəsmlərə I Kültəpə, Xələc və Şulaverisqorada rastlanmışdır. Bütöv olaraq götürüldükdə demək olarki, Ovçular təpəsinin Eneolit keramikası yerli zəmində inkişaf edən müstəqil istehsalın məhsulu olmuşdur. Erkən Tunc dövrü üçün dairəvi (birinci və altıncı kvadrat) və dördkünc (doqquzuncu kvadrat) planlı evlər xarakterik olmuşdur. Yaşayış evlərinin tikintisində daşdan və çiy kərpicdən istifadə edilmişdir. Bəzi binalar daş təməl üzərində çiy kərpicdən inşa edilmişdir. Evlərin içərisində yerləşdirilən ocaqlar bəzən dördkünc, bəzən isə oval formalıdır. Dördkünc formalı ocaqların qurulmasında yastı sal daşlardan, oval ocaqların qurulmasında isə daşdan və möhrədən istifadə olunmuşdur. Erkən Tunc dövrünün keramikasında Naxçıvanın Erkən Tunc dövrü üçün xarakterik olan bütün mərhələlər izlənmişdir. Keramika nümunələrinin bir qismi saman qarışığı olan gildən hazırlanmış, bir qismi açıq rəngli anqobla örtülmüşdür. Erkən Tunc dövrü keramikası arasında çəhrayı astarlı qabların parçalarına, habelə Kür-Araz mədəniyyətinin son mərhələsi üçün xarakterik olan bikonus formalı və ilgəkşəkilli qulpu ağzının kənarı ilə birləşən cilalı qablara rastlanmışdır. Erkən Tunc dövrü laylarının çox incə və çox zaman Eneolit təbəqəsi ilə qarışmış halda olması onların burada müəyyən fasilələrlə yaşadığını göstərir. Olabilsin ki, Ovçular təpəsi Erkən Tunc dövründə mövsümi yaşayış yeri kimi uzun müddət istifadə olunmuşdur. Tapıntıların bir qismi çaxmaqdaşı və dəvəgözündən hazırlanmış oraq dişlərindən ibarətdir. Dən daşları, həvəng və dəstələr Ovçular təpəsi yaşayış yerinin əsas tapıntılarındandır. Tədqiqat zamanı tuncdan və sümükdən hazırlanmış əmək alətləri də aşkar olunmuşdur. Ovçular təpəsində aparılan araşdırmalar zamanı Eneolit dövründən Tunc dövrünə keçid mərhələsinə aid keramika nümunələrinə rastlanmışdır. Bu tip keramikada həm Eneolit dövrünün xüsusiyyətləri (saman qatqı, daraqvari alətlə naxışlama), həm də Kür-Araz mədəniyyətinin özəllikləri (qara və ya boz rəngli cila, çəhrayı rəngli astar) izlənməkdədir. Bu keramikanın istehsalı Kür-Araz mədəniyyətindən əvvələ, yaxud Kür-Araz mədəniyyətinin ən erkən dövrünə aid ola bilər. Arxeoloji araşdırmalar Ovçular təpəsi yaşayış yerinin e.ə. 5-3 minilliklərdə Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olduğunu təsdiq edir.
    
Ədəb.: B a x ş ə l i y e v V., M a r r o C., A ş u r o v S., Ovçular təpəsi yaşayış yerində arxeoloji qazıntılar. AMEA Naxçıvan Bölməsinin “Xəbərləri”, 2008, № 1.

Saytdakı yeriniz: Əsas səhifə
Yuxarı qayıt